Avqustun 27-də ARDNŞ-nin Baş ofisində kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezident Xalik Məmmədovun sədrliyi ilə Şirkətin idarə və müəssisələrinə işə qəbul üzrə prosedur qaydalarının müzakirəsinə həsr olunmuş seminar-müşavirə keçirilmişdir. Müşavirədə ARDNŞ-nin idarə və müəssisə rəhbərləri, kadr xidmətlərinin rəisləri və İnsan Resursları Departamentinin əməkdaşları iştirak etmişlər. Giriş sözündə vitse-prezident Xalik Məmmədov bu ilin aprelində kadrların seçilməsi, işə qəbul olunması, daha səmərəli yerləşdirilməsi və yerdəyişməsi, karyera yüksəlişinin planlaşdırılması, peşəkarlıq səviyyəsinin artırılması və insan resurslarının idarə edilməsi üzrə işlərin təkmilləşdirilməsi məqsədi ilə ARDNŞ-nin Baş ofisində İnsan Resursları Departamentinin yaradıldığını xatırlatmış, bildirmişdir ki, bu addım Şirkətdə işə qəbul prosesində subyektiv faktorların aradan qaldırılmasının təmin olunmasına xidmət edir. ARDNŞ-ə işə qəbul yalnız və yalnız İnsan Resursları Departamenti tərəfindən elan olunmuş vakant yerlər üzrə müraciət edən vətəndaşların bilik-bacarığı yoxlanılmaq şərti ilə həyata keçirilir və bu işdə həlledici rolu iddiaçıların peşə keyfiyyəti oynayır. Ötən müddətdə Departament tərəfindən böyük iş görüldüyü söylənilmiş, qeyd edilmişdir ki, ARDNŞ-nin “İnsan resurslarının idarəedilməsi siyasəti” sənədi hazırlanaraq təsdiq olunmuş, Departamentin fəaliyyətində rəhbər tutulacaq standartlar müəyyənləşdirilmişdir. ARDNŞ-də işə qəbul prosedurları avtomatlaşdırılmış, bunların həyata keçirilməsi üçün dünya standartlarına cavab verən proqram təminatı hazırlanmış və testdən keçirilmişdir. İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli ARDNŞ üzrə işə qəbul qaydaları haqqında təqdimatla çıxış etmişdir. Təqdimatda Şirkətin idarə və müəssisələrində vakant yerlərin elan olunması üçün hazırlanmış vakansiyanın təsviri forması və vakant yerlərə işə qəbul üzrə müsabiqədə iştirak etmək istəyən namizədlər tərəfindən doldurulan elektron müraciət formalarının proqram təminatları nümayiş etdirilmişdir. Tədbirin sonunda məsələ ilə bağlı işəgötürənlərin fikir və təklifləri dinlənilmiş, jurnalistlər üçün brifinq keçirilmişdir. Bildirilmişdir ki, prosedur qaydaları həmin fikir və təkliflər nəzərə alınmaqla sentyabr ayında qüvvəyə minəcəkdir.



|