“28 May” Neft və Qazçıxarma İdarəsində Günəşli” yatağındakı 4 nömrəli özüldə ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirilən tədbirlərə həsr olunmuş müşavirə keçirilmişdir. Müşavirədə ARDNŞ-nin ekologiya üzrə vitse-prezidenti Rəfiqə xanım Hüseynzadə, eləcə də Ekologiya İdarəsinin nümayəndələri iştirak etmişlər. Bildirilmişdir ki, “Günəşli” yatağında formalaşan lay sularının idarə olunması məqsədi ilə “Neft Daşları” NQÇİ-nin ərazisində yaradılan lay sularının yığımı, təmizlənməsi və utilizasiyası sistemi üzrə işlər başa çatmaq ərəfəsindədir. Layihə üzrə tikinti-quraşdırma işləri artıq yekunlaşmışdır. Layihəyə əsasən, lay sularının tam qapalı şəkildə idarə olunaraq yenidən laylara vurulması sisteminin yaradılması nəzərdə tutulur. Qeyd olunmuşdur ki, yataqda lay təzyiqinin sabit saxlanması üçün yeni qazlift sisteminin yerləşdirilməsi məqsədi ilə özüldə genişləndirmə işləri aparılır. Hazırda özüldə gücü sutkada 4 milyon kubmetr olan Kompressor Stansiyasının sınaq-sazlama işləri həyata keçirilir. Stansiyanın istsimara verilməsindən sonra yataq üzrə formalaşan alçaq təzyiqli səmt qazlarının tam həcmdə yığılması mümkün olacaqdır ki, bunun da nəticəsində atmosferə atılmaların qarşısı bütünlüklə alınacaqdır. Bundan başqa, özüldə çalışan işçilərin suya olan tələbatının ödənilməsi məqsədi ilə burada dəniz suyunu duzsuzlaşdıran Əks-Osmos qurğusu quraşdırılmışdır. ARDNŞ-nin Tullantıların İdarə Olunması Planına uyğun olaraq özüldə formalaşan bərk məişət tullantıları bunun üçün ayrılmış tutumlara yığılaraq vaxtaşırı sahilə daşınır. Şirkətin vitse-prezidenti Rəfiqə Hüseynzadə müşavirəyə yekun vuraraq, özüldə ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirilən işlərin genişləndirilməsi zərurətini vurğulamış, təklif və tövsiyyələrini vermişdir.
|