NEFTQAZTİKİNTİ
TRESTİ
15-03-2016 00:00 174 dəfə oxunub.
“Neftqaztikinti” tresti 2015-ci il ərzində neft-qaz yataqlarının abadlaşdırılması sahəsində böyük uğurlara imza atmışdır
“Neftqaztikinti” tresti 2015-ci il ərzində neft-qaz yataqlarının abadlaşdırılması sahəsində böyük uğurlara imza atmışdır

Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) "Neftqaztikinti” tresti neft-qaz yataqlarının abadlaşdırılması, texnoloji neft-qaz-mədən avadanlıqlarının quraşdırılması, sualtı, yeraltı və yerüstü magistral neft-qaz-su boru kəmərlərinin çəkilməsi, asfalt-beton örtüklərinin vurulması, dənizdə və quruda hidrotexniki qurğuların, dayaq bloklarının, estakada və estakadayanı meydançaların, qaz-kompressor stansiyalarının, neft rezervuarlarının və sosial obyektlərin tikintisi üzrə podratçı fəaliyyəti ilə məşğul olur. Trestin tərkibinə müxtəlif profilli 11 bölüm və Gürcüstan Nümayəndəliyi daxildir. Trest Azərbaycan Respublikasının bütün regionlarında, o cümlədən "Günəşli” və "Neft Daşları” yataqlarında, Qum adası, Pirallahı, Çilov, Xərə-Zirə və digər adalarda və onların ətrafında, Səngəçal-Duvannı rayonunda və digər yerlərdə müxtəlif sifarişçi təşkilatlar üçün podratçı olaraq bütün növ xidmətlər göstərir.

 

Trest öz işini beynəlxalq standartların tələblərinə əsasən təhlükəsiz, ətraf mühitə ziyan vurmadan və keyfiyyətlə yerinə yetirməyi qarşısına məqsəd qoymuşdur. "Neftqaztikinti” tresti Türkiyə Standartları İnstitutu tərəfindən 19.02.2002-ci il tarixində TSE-ISO-EN 9001, 25.12.2002-ci il tarixində TSE-ISO-EN 14001, 11.01.2005-ci il tarixində TS-OHSAS 18001 və TürkAK tərəfindən isə 09.02.2009-cu il tarixində TS EN ISO/IEC 17025 Beynəlxalq Sertifikatlarına layiq görülmüşdür.

 

01.01.2016-cı il tarixinə Trestdə 3881 nəfər çalışır. Onlardan 424 nəfəri rəhbər, 300 nəfəri mütəxəssis, 3127 nəfəri fəhlə, 30 nəfəri isə digər qulluqçulardır. 01.01.2016-cı il tarixinə Trest üzrə orta aylıq əmək haqqı isə 1077 manat təşkil etmişdir. 2015-ci il ərzində Trest tərəfindən ümumi podrat üzrə 231398.6 min manatlıq, öz gücü ilə 217416.0 min manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmiş, ümumi podrat üzrə yerinə yetirilmiş işlərin 78158.6 min manatı əsaslı təmir və 153240.0 min manatı isə əsaslı tikinti işlərinin payına düşür.

 

"Neftqaztikinti” tresti 2015-ci il ərzində 231 milyon manatdan çox dəyəri olan tikinti quraşdırma və təmir işləri yerinə yetirmişdir ki, bunlara da 45162.0 ton metal-konstruksiyaların quraşdırılması, dənizdə sualtı 24 km, estakada və meydançalarda 158 km, quruda 103 km boru kəmərlərinin çəkilməsi, 26 mindən çox qaynaq birləşmələrinin defektskopiyası, 10 km sualtı, 300 km yeraltı yüksək gərginlikli kabel, 11 km hava elektrik ötürücü xətlərinin çəkilməsi, 352520 m2 asfalt salınma işləri və 20343 m3 dəmir-beton, beton və əmtəə betonu istehsalı işləri daxildir.

 

"Neftqaztikinti” tresti tərəfindən 2015-ci ildə podrat işləri proqramında nəzərdə tutulmuş obyektlərin tikintisi ilə yanaşı SOCAR-ın rəhbərliyinin iştirakı ilə keçirilmiş texniki müşavirələrdə, Tədbirlər proqramında qeyd olunmuş bir çox dövlət əhəmiyyətli obyektlərdə də tikinti-quraşdırma işləri yerinə yetirilmişdir.

 

Belə ki, SOCAR-ın təsdiq olunmuş Tədbirlər proqramında nəzərdə tutulan nəhəng kompleks tikinti və yenidənqurma işləri Trest tərəfindən vaxtında və tam həcmdə yerinə yetirilmişdir. SOCAR tərəfindən işlənməkdə olan ən böyük ehtiyata və məhsuldarlığa malik "Günəşli” yatağında neft və qaz hasilatının artırılması məqsədilə dərin dəniz özüllərinin genişləndirilməsi və yenidən qurulması, quyuların qazılması üçün əlavə şaxtaların buraxılması, mövcud texnoloji yığım və nəql sistemlərinin təkmilləşdirilməsi, çıxarılan qazın itkisiz sahilə nəqli sisteminin qurulması işləri Trestə həvalə olunmuşdur. Trestin kollektivi həvalə olunan işlərin öhdəsindən gəlmiş, proqramın yerinə yetirilməsində kadr və texniki potensialdan maksimum istifadə edərək böyük istehsal nəticələrinə nail olmuşdur.

 

"Neftqaztikinti” tresti 2015-ci ildə bir neçə istehsalat obyektinin tikintisini başa çatdırmış və istismara təhvil vermişdir. Buna misal olaraq, ""Günəşli" yatağı 11 saylı DDÖ-nün genişləndirilmiş hissəsində əlavə 4 quyunun qazılması üçün yenidən qurulması" (I və II kompleks üzrə), ""Çilov” adasında 10 ədəd istismar quyusunun qazılması üçün 112 saylı SDÖ-nün tikintisi", "Çilov adasındakı əmtəə çənləri parkında 2000 m3 həcmli çənin tikintisi", ""Çilov” adasının yeni qəsəbəsindəki yanalma körpüsündə stasionar kranın quraşdırılması və yük meydançasının tikintisi”, ""Çilov” adasının yeni qəsəbəsindəki yanalma körpüsünün yenidən qurulması", "Günəşli” yatağı DDÖ-lərdə məişət çirkab sularının utilizasiyası məqsədi ilə kiçik həcmli bioloji təmizləmə qurğularının tikintisi (DDÖ 6,10,11,13), "Abşeronneft" NQÇİ"-nin "Darvin bankası" yatağında 670 saylı SDÖ-də əlavə 4 quyunun qazılması üçün yenidənqurulması", "Abşeronneft" NQÇİ"-nin Qərbi Abşeron yatağında 10 ədəd istismar quyusunun qazılması üçün 20 saylı SDÖ-nün tikintisi", "Abşeronneft” NQÇİ-nin "290 saylı meydançanın genişləndirməklə neft yığım məntəqəsinin tikilməsi və məhsulun sahilə nəqli", "Abşeronneft" NQÇİ-nin 2,3 saylı NQÇS-də inzibati və istehsalat (emalatxana) binalarının tikintisi”, "Abşeronneft" NQÇİ-nin "Darvin Bankası” yatağında yerləşən 670 saylı SDÖ-nün əlavə 4 quyunun qazılması üçün yenidənqurulması”, "Neft-Daşları" yatağında QSM-LTSS arası əvəzedici estakadanın tikintisi", "Neft-Daşları" yatağında 252 saylı meydança-PQ34 arası estakadanın tikintisi", "Neft-Daşları" yatağında 10 ədəd istismar quyusunun qazılması üçün 1954A saylı EYM-nin tikintisi", ""Neft-Daşları”ndakı QTES 48-dən "Çilov" adasına 35 kV-luq kabel xəttinin çəkilməsi", "Qazıməmməd-Qazax (1-ci xətt) Dş=1020mm Magistral Qaz Kəmərinin 0-210 km arası hissəsinin yenidən qurulması" (114-138 km), "Qazıməmməd-Qazax (1-ci xətt) Dş=1020mm Magistral Qaz Kəmərinin 0-210 km arası hissəsinin yenidən qurulması" (138-148 km), "Astara-Qazıməmməd arası Dş=1220mm Qaz Kəmərinin 189,5 km-dən Şirvan İES üçün yeni alternativ (L=5450 m) qaz kəmərinin çəkilməsi” və s. obyektləri göstərmək olar.

 

Ümumdövlət qaz proqramının kompleks şəkildə inkişaf etdirilməsinə və regionların qaz təsərrüfatı infrastrukturunun müasir standartların tələblərinə uyğun təşkil olunmasına dair Azərbaycan Respublikası Prezidentinin məlum sərancamına əsasən bir çox dövlət əhəmiyyətli obyektlərdə "Neftqaztikinti” tresti tərəfindən tikinti-quraşdırma işləri yerinə yetirilmişdir. Qeyd olunan proqramınrespublika əhəmiyyətli olduğunu nəzərə alaraq Trest rəhbərliyi tərəfindən işlərin intensiv aparılmasının mütəşəkkil qaydada təşkil olunması məqsədilə müvafiq tədbirlər görülmüşdür.

 

SOCAR rəhbərliyi tərəfindən təsdiq olunmuş podrat proqramının yerinə yetirilməsi, NQÇİ-lərdə keçirilmiş texniki müşavirələrin protokollarının qərarlarının icra olunması və obyektlərin vaxtında istismara təhvil verilməsi 2016-cı ildə də "Neftqaztikinti” trestinin qarşısında duran əsas vəzifələrindən biridir.

 

Trest ötən ildə də müxtəlif xarici və yerli şirkətlərlə məqsədyönlü əməkdaşlıq etməklə öz üzərinə düşən vəzifələri vaxtında və yüksək keyfiyyətlə yerinə yetirmişdir. "Heavy Crane” FZE şirkətinin Azərbaycan filialı, "Caspian Pipe Coatings” MMC, Gürcüstan Bələdiyyə İnkişaf Fondu və digər bu kimi beynəlxalq şirkətlər 2015-ci ildə də Trestlə sıx əməkdaşlıq etmişlər. "Neftqaztikinti” tresti ölkə hüdudlarından kənarda da öz fəaliyyətini genişləndirməkdədir. Belə ki, 2006-cı ildən Trestin Gürcüstan Nümayəndəliyi fəaliyyət göstərir. Nümayəndəlik Gürcüstan ərazisində neft-qaz boru kəmərlərinin və digər hidrotexniki qurğuların tikintisi, həmçinin infrastruktur layihələrinin icrası ilə məşğul olur. Nümayəndəlik tərəfindən hal-hazırda "Telavi-Kurdqelauri Su Təchizatı Sisteminin Bərpası” və "Kareli Su Təchizatı Sisteminin Bərpası” layihələri üzrə tikinti-quraşdırma işləri uğurla davam etdirilir.

 

SOCAR rəhbərliyi neft-qaz sənayesində yeni texnologiyaların tətbiqinə hər zaman xüsusi diqqət göstərmişdir. Bu məqsədlə "Neftqaztikinti” trestinin rəhbər və mühəndis-teniki işçiləri bir sıra Avropa ölkələrində xidməti səfərlərdə olmuş, beynəlxalq sərgi, təlim və konfranslarda iştirak etmişlər. 2012-ci ilin sonlarından başlayaraq Trest tərəfindən ölkənin neft-qaz sənayesində ilk dəfə olaraq yarımavtomat və avtomat qaynağı tətbiq edilir. Qaynaq işlərində bu kimi yeni texnologiyanı tətbiq etməklə Trest neft-qaz xətlərinin tikintisi zamanı keyfiyyətli qaynaq işlərinin aparılmasını, qaynaq materiallarının ərimə əmsalının yüksək olmasını, qaynaq birləşmələrinin mexaniki xassələrinin stabil və keyfiyyətli olmasını, qaynaqçının (operator) fiziki yüklənməsinin azalmasını təmin etmiş olur. Yarımavtomat və avtomat qaynaq bu gün də Trest tərəfindən uğurla tətbiq edilir və bu qaynaq üsulunun Trestin icra etdiyi layihələr üzrə tətbiq sahələri günü-gündən daha da genişləndirilir.

 

SOCAR tərəfindən təsdiq olunmuş proqrama əsasən 2016-cı ildə Trest tərəfindən ümumi podrat üzrə 241972,4 min manatlıq, öz gücü ilə isə 237867,4 min manatlıq tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi nəzərdə tutulub. Trest bu işləri beynəlxalq tələblərə əsasən təhlükəsiz, ətraf mühitə ziyan vurmadan, vaxtında və yüksək keyfiyyətlə icra etməyi qarşısına məqsəd qoymuşdur.

 

Xüsusilə qeyd edilməlidir ki, ötən il Trest kollektivi üçün əlamətdar və yadda qalan il olmuşdur. Belə ki, 2015-ci ilin 19 mart tarixində Trestin yeni inzibati binasının açılış mərasimi olmuş, açılış mərasimində SOCAR prezidenti cənab Rövnəq Abdullayev və şirkətin digər rəhbər şəxsləri iştirak etmişdir.

 

Sonda qeyd etmək lazımdır ki, SOCAR-ın "Neftqaztikinti” tresti əldə etdiyi mükafatlarının sırasına daha birini əlavə etmişdir. Belə ki, 11 mart 2015-ci il tarixində "Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubu” və "Caspian Energy International Media Group” tərəfindən "Caspian Energy Integration Award-2015” mükafatlarının təqdim edilməsi mərasimi keçirilmiş və Trest "Neft-qaz yataqlarının abadlaşdırılması sahəsində İlin Şirkəti” nominasiyası üzrə qalib elan olunmuşdur.