NEFTQAZTİKİNTİ
TRESTİ
30-11-2017 09:21 212 dəfə oxunub.
Mövcud və perspektiv tikinti layihələri ilə bağlı toplantı keçirilib
Mövcud və perspektiv tikinti layihələri ilə bağlı toplantı keçirilib
SOCAR-ın "Neftqaztikinti” trestində (SOCAR NQT) 2017-ci ilin 10 ayı ərzində həyata keçirilmiş və gələcəkdə icrası nəzərdə tutulan perspektiv tikinti layihələri ilə bağlı toplantı keçirilib. Toplantı SOCAR-ın Yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov, Geologiya və geofizika məsələləri üzrə vitse-prezident Bəhram Hüseynov, "Neftqaztikinti” trestinin müdiri Mirkazım Abasov, SOCAR-ın Baş ofisinin müvafiq struktur bölmə rəhbərlərinin iştirakı ilə baş tutub. Şirkətin struktur vahidlərindən "Azneft” İB, "Neftqazelmitədqiqatlayihə” İnstitutu, Kompleks Qazma İşləri Trestinin rəhbər heyəti, eləcə də digər əlaqədar nümayəndələr də toplantıda iştirak edib.
Toplantının əsas müzakirə mövzusu SOCAR-ın "Neftqaztikinti” tresti tərəfindən 2017-ci ilin 10 ayı ərzində neft-qaz sahəsində həyata keçirilmiş, hazırda davam edən, eləcə də gələcəkdə planlaşdırılan mühüm tikinti layihələri olub. Belə ki, toplantı iştirakçılarına bu fəaliyyətlə bağlı prezentasiya formatında ətraflı informasiya verilib. Yerinə yetirilmiş tikinti-quraşdırma işləri, istismara verilmiş obyektlər, layihə-smeta sənədləri, SOCAR NQT-nin "Azneft” İB-nin sifarişləri üzrə reallaşdırdığı layihələr, Trestin Gürcüstan nümayəndəliyinin fəaliyyəti barədə məlumatlar diqqətə çatdırılıb və müzakirələr aparılıb.
Toplantıda müzakirə olunan digər məsələlərdən biri də qarşıdakı dövrdə icrası nəzərdə tutulan "Qarabağ” layihəsi olub. Xəzər dənizində "Qarabağ” yatağı perspektiv strukturunun işlənməsi üzrə tikinti və qazma işləri, bu istiqamətdə gələcək planlar və tapşırıqlar müzakirə edilib. "Ümid-Babək” layihəsinin cari vəziyyəti və işlənmə konsepsiyası da toplantıda müzakirə olunmuş məsələlər sırasında olub.
İclasda mövcud problemlərin həlli, perspektiv layihələr və gələcəkdə görülməsi planlaşdırılan işlər ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb və tapşırıqlar verilib.