NEFTQAZTİKİNTİ
TRESTİ

Haqqımızda

Cras pellentesque odio ligula, sed suscipit massa venenatis et. Nam nec mi at metus tincidunt commodo sed quis massa. Etiam ultricies euismod interdum.
Nəhəng təcrübə və işgüzar imic 
1949-cu ildən bu günədək çoxillik fəaliyyət dövrü keçməklə tikinti sektorunda etibarlı partnyor kimi özünü təsdiq etmiş SOCAR-ın "Neftqaztikinti" tresti (SOCAR NQT) Azərbaycanın neft və qaz sənayesinin tərəqqisinə öz töhfəsini verməkdə davam edir. XX-XXI əsrlərdə qazanılmış məhz bu zəngin tikinti təcrübəsi qurumun müasir işgüzar imicini formalaşdırıb. 
Bu gün SOCAR NQT ölkə daxilində və xaricində bir çox istiqamətlərdə tikinti-təmir xidmətləri təqdim edir. Həmin xidmətlər sferası neft-qaz yataqlarının abadlaşdırılması, texnoloji neft-qaz-mədən avadanlıqlarının quraşdırılması və təmiri ilə bağlı bütün fəaliyyəti ehtiva edir. Qurum sualtı, yerüstü və yeraltı magistral neft-qaz-su boru kəmərlərinin çəkilməsi, asfalt-beton örtüklərinin vurulması xidmətlərini də göstərir. Eləcə də, belə xidmətlər sırasına dənizdə və quruda hidrotexniki qurğuların, dayaq bloklarının, estakada və estakadayanı meydançaların, qaz-kompressor stansiyalarının və neft rezervuarlarının tikintisi də daxildir. Bununla yanaşı, sənaye, mülki və sosial obyektlərin, yol və körpülərin tikintisi də həyata keçirilir. 

Strateji layihələr və beynəlxalq əməkdaşlıq 
SOCAR NQT ötən uzun bir dövr ərzində tikinti sənayesinin etibarlı üzvünə çevrilməklə çoxsaylı strateji əhəmiyyətli layihələrin müəllifi kimi öz adını Azərbaycanın tikinti tarixinə həkk etdirmişdir. Bakı-Supsa neft kəmərinin inşası, Bakı Gəmiqayırma Zavodunun tikintisi kimi neçə-neçə layihələr əvəzolunmaz təcrübənin bəhrələri kimi bu gün regionun nəhəng tikinti layihələri sırasında sadalanır. Xəzər dənizindəki neft-qaz platformalarının bir çoxu, ölkədəki bir sıra mühüm strateji infrastruktur obyektləri, sərhəddən kənarda neft-qaz sənayesi ilə bağlı reallaşan mühüm tikinti-quraşdırma layihələri məhz SOCAR NQT-nin adı ilə bağlıdır. 2013-cü ildə dəyəri 266,5 milyon ABŞ dolları olan Bakı Gəmiqayırma Zavodunun inşası ilə yanaşı, Xəzər dənizindəki "Günəşli” yatağında 7 saylı Dərin Dəniz Özülünün (2015) və "Bulla-dəniz" yatağında 6 saylı Stasionar Dəniz Özülünün (2016) inşası son illərin mühüm strateji layihələri sırasında yer alır. Xəzər dənizindəki müxtəlif yataqlarda bir çox obyektlərin tikintisi, genişləndirilməsi və bərpası üzrə çoxsaylı layihələr də uğurla reallaşdırılıb. 
SOCAR NQT-nin müxtəlif istiqamətlərdə göstərdiyi fəaliyyət təkcə ölkə sərhədləri ilə məhdudlaşmır. 2006-cı ildən bəri fəaliyyət göstərən Gürcüstan Nümayəndəliyi tərəfindən bu ölkədə neft-qaz boru kəmərlərinin və digər hidrotexniki qurğuların tikintisi ilə bağlı bir sıra layihələr, həmçinin infrastruktur layihələri icra olunub. 
Bununla yanaşı, SOCAR NQT tərəfindən BP, Saipem, "Heavy Crane FZE” şirkətinin Azərbaycandakı filialı, "Caspian Pipe Coatings” MMC, "Azfen” BM, İlk İnşaat Taahhüt Sanayi və Ticaret Ltd, Gürcüstan Bələdiyyə İnkişaf Fondu, "BOS Shelf” MMC və digər bu kimi beynəlxalq şirkətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri davam etdirilir. 

Müasir texnologiyaların tətbiqi və kadr potensialı 
Tikinti-quraşdırma proseslərində müasir yanaşmalar əsasında son texnologiyalar və metodların tətbiqi prioritet təşkil edir. İstehsalatda Almaniya, ABŞ, İtaliya, Hollandiya, Avstriya kimi inkişaf etmiş ölkələrin texnoloji avadanlıqları tətbiq olunur. Vurğulanmalıdır ki, SOCAR NQT ölkənin neft-qaz sənayesində bir ilkə imza atıb. Belə ki, boru kəmərlərinin tikintisi zamanı ilk dəfə olaraq yarımavtomat və avtomat qaynaq üsulu tətbiq edilməyə başlanılıb. 
Yüksək ixtisaslı kadr potensialı ən çətin və mürəkkəb layihələri uğurla reallaşdırmağı təmin edən əsas faktorlardan biridir. SOCAR NQT-nin əmək personalına müxtəlif beynəlxalq sertifikat və dərəcələrə məxsus mütəxəssislər (xüsusən qaynaq mühəndisləri, qaynaqçılar, quraşdırıcılar və s.) daxildir.