NEFTQAZTİKİNTİ
TRESTİ
01-08-2015 00:00 95 dəfə oxunub.
Gənclər SOCAR-ın istehsalat sahələrində zəngin təcrübə qazanırlar
Gənclər SOCAR-ın istehsalat sahələrində zəngin təcrübə qazanırlar

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) peşəkar neftçi kadrların hazırlanması istiqamətində həyata keçirdiyi "Yay Təcrübəsi Proqramı” uğurla davam etdirilir. Artıq altıncı ildir ki, SOCAR Azərbaycan Respublikasının və xarici ölkələrin müxtəlif ali məktəblərində neft-qaz, neft-qaz qurğuları, qazma, geofizika, geologiya, proseslərin avtomatlaşdırılması, informasiya və kommunikasiya texnologiyaları, inşaat, boru kəmərləri, ekologiya, neft-kimya və kimya mühəndisliyi, iqtisadiyyat və energetika ixtisasları üzrə təhsil alan Azərbaycan vətəndaşı olan tələbələrə yay tətili müddətində istehsalat təcrübəsi keçmək üçün ödənişli "Yay Təcrübəsi Proqramı”nı həyata keçirir. Proqram tələbələrin neft sənayesinin müxtəlif sahələrində təcrübi biliklərinin artırılması, onların real iş şəraiti ilə yaxından tanış olması, nəzəri biliklərinin təcrübədə yoxlanılması, həmçinin iş keyfiyyətləri barədə Dövlət Neft Şirkətində daha dolğun informasiyanın toplanması məqsədi ilə həyata keçirilir.

Qeyd edək ki, yay təcrübəsi tələbənin istəyindən asılı olaraq, 1 və ya 2 ay müddətində davam edəcək. Proqramın şərtlərinə görə, tələbə ilə həmin müddətə müvəqqəti əmək müqaviləsi bağlanılır və işə qəbul olunur. Təcrübəçi işlədiyi vaxta və vəzifəsinə müvafiq olaraq, əmək haqqı alır. Eyni zamanda SOCAR işçiləri üçün mövcud olan bütün güzəştlər təcrübəçilərə də şamil edilir. Proqramda təhsil aldığı ali məktəbdən asılı olmayaraq, qeyd olunan ixtisaslar üzrə bakalavriatın əsasən 2, 3, 4-cü kursları və magistraturanın 1 və 2-ci kurslarını bitirən tələbələr iştirak edirlər.

SOCAR-ın "Neftqaztikinti” Trestində  "Yay Təcrübəsi Proqramı” uğurla həyata keçirilir. Dünən Trestin Tikinti-Quraşdırma idarələrində, Dəmir Beton Məmulatları Zavodunda təcrübə keçən tələbələrin təcrübə prosesi ilə tanış olduq. Məlumat üçün bildirək ki, Trestdə 18 tələbə təcrübə keçir.

"Neftqaztikinti” Trestinin 3 saylı Tikinti-Quraşdırma İdarəsində olduq. Təcrübə rəhbəri, 3 saylı TQİ-nin 1 saylı sahəsinin böyük iş icraçısı Zahid İsmayılov hər bir insanın peşəkar kadr kimi yetişməsinin əhəmiyyətindən danışdı. Bildirdi ki, həyatın bütün sahələrində olduğu kimi, neft-qaz sənayesində də çalışmaq, uğurlu fəaliyyət göstərmək üçün mütləq təcrübəli mütəxəssis olmaq lazımdır: "Bu gün Dövlət Neft Şirkəti bu imkanı gənclər üçün yaradıb. Bildiyiniz kimi, şirkət rəhbərliyi gənc kadrların hazırlanmasını xüsusi diqqət mərkəzində saxlayır. Bu istiqamətdə bir sıra əhəmiyyətli layihələr həyata keçirilir. Bu sırada tələbələrin ödənişli "Yay Təcrübəsi Proqramı” xüsusi önəm daşıyır.” Z.İsmayılov 3 saylı TQİ-də təcrübə keçən tələbələrin işini və fəaliyyətini yüksək qiymətləndirdi. Qeyd etdi ki, əvvəlcə tələbələrə təlimatlar keçilib, əməyin mühafizəsi, təhlükəsizlik qaydaları haqqında məlumatlar verilib.

Qeyd edək ki, "Yay Təcrübəsi Proqramı” çərçivəsində "Neftqaztikinti” Trestində təcrübə keçən tələbələr Trestin müdiri Mirkazım Abasovun daim xüsusi diqqətindədir. Görüşdə iştirak edən tələbələr də təcrübə ilə bağlı təəssüratlarından danışdılar. Tələbələr Trestin strukturlarında yaradılan şəraitdən razılıqlarını bildirirlər.

Ayaz Bilalov Qafqaz Universitetinin mexanika mühəndisliyi fakültəsinin III kurs tələbəsidir. Ayaz Trestin Dəmir-Beton Məmulatları  Zavodunda təcrübə keçir. A.Bilalov bu zavodda nəzəri biliklərini təcrübədə sınaqdan keçirmək imkanı qazandığı, eyni zamanda, "Yay Təcrübəsi Proqramı”nın ödənişli əsaslarla olduğu üçün SOCAR rəhbərliyinə təşəkkürünü bildirdi. Qeyd etdi ki, zavodda peşəkar kadrlarla işləmək ona inkişaf imkanları yaradır. A.Bilalov burada peşəkar tikinti mütəxəssislərindən qayğı və diqqət gördüyünü bildirərək  nəzəriyyədə qazandığı biliklərini burada praktikadan keçirmək üçün əla imkan olduğunu bildirdi. Ödənişli əsaslarla təcrübə keçən Ayaz deyir ki, müəssisənin iş prinsipi və metodu onun urəyincədir və  burada ancaq biliyinin üzərinə yenilərini əlavə etmək imkanları əldə edəcək.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin sənaye və mülki tikinti üzrə inşaat mühəndisliyi fakültəsinin IV kursunda təhsilini davam etdirən Naib Mehdiyev ikinci ildir ki, "Yay Təcrübəsi Proqramı”nın iştirakçısıdır: "Ötən il də SOCAR-ın "Neftqaztikinti” Trestində təcrübə keçmişəm. Hazırda Trestin 3 saylı Tikinti-Quraşdırma İdarəsinin 1 saylı sahəsində 9-cu dərəcəli mühəndis kimi çalışıram. Burada gənclərə yaradılan şərait yüksək səviyyədədir. Gündəlik olaraq burada modulların, şitlərin yığılması proseslərində iştirak edirəm. Görülən işlər barədə ətraflı məlumat verirlər. Layihələr üzrə işlərin aparılmasında da iştirak etmişəm.” SOCAR-ın tələbələrlə bağlı həyata keçirdiyi layihələri yüksək qiymətləndirən N.Meh

diyev Şirkətin onlara yaratdığı bu şansdan maksimum yararlanaraq daha çox yenilikləri öyrənməyi məqsədəuyğun hesab edir və burada maraqlı iş təcrübəsinin onun gələcək karyerasına kömək olacağını bildirir. 

İlkin Məmmədov Azərbaycan Dövlət Neft Akademiyasının magistr pilləsinin I kurs tələbəsidir. İlkin "Yay Təcrübəsi Proqramı”nda ilk dəfədir ki, iştirak edir. Həmçinin bu il Təqaüd Proqramının qalibi olan İ.Məmmədov özünün və tələbə dostlarının adından onların qarşısında belə gözəl inkişaf perspektivləri açdıqları üçün ölkə başçısı İlham Əliyevə, SOCAR-ın prezidenti Rövnəq Abdullayevə dərin minnətdarlığını bildirdi. Vurğuladı ki, ali məktəbdə təhsil aldığım müddətdə əldə etdiyim nəzəri biliklərin təcrübədə olduğum müddətdə istehsalata tətbiqində iştirak edirəm: "Mən iyul ayından Trestin 1 saylı Tikinti-Quraşdırma İdarəsinin Elektrik avadanlıqlarının quraşdırılması və təmiri sexində təcrübə keçirəm. Təcrübə müddətində məndə gözəl təəssüratlar yarandı. Çox şadam ki, gözəl bir kollektivdə çalışıram. Gələcəkdə də çox istərdim ki, məhz SOCAR-da işləyim.”