NEFTQAZTİKİNTİ
TRESTİ
28-11-2017 17:05 143 dəfə oxunub.
Əməyin mühafizəsinin gücləndirilməsi üçün estakadaların təmiri davam edir
Əməyin mühafizəsinin gücləndirilməsi üçün estakadaların təmiri davam edir
"Neft Daşları”nda əməyin təhlükəsizliyi və neftçilərin iş şəraitinin daha da yaxşılaşdırılması məqsədi ilə 630 metr uzunluğunda estakada təmir edilib
 
Əməyin təhlükəsizliyinin daha da gücləndirilməsi, neftçilərin iş şəraitinin yaxşılaşdırılması, neft-qaz hasilatının stabilləşdirilməsi və artırılması məqsədi ilə "Azneft” İB tərəfindən istismar olunan qurğuların təmiri daim diqqət mərkəzindədir. Tarixdə ilk dəniz platforması olmaqla yanaşı, bu gün də ölkəmizin neft-qaz hasilatında böyük rol oynayan "Neft Daşları” yatağında da mühüm təmir-bərpa işləri davam etməkdədir. Belə ki, 617A saylı estakadayanı meydançaya giriş estakadası əsaslı təmir olunub. Estakadayanı meydançada hazırda 9 quyu fəaliyyət göstərir və quyulardan sutkada 45 ton neft hasil edilir. Bundan əlavə, yataqda daha bir estakada təmir edilib, işlər zamanı möhkəmləndirici svaylar vurulub, rigellər, oturacaqlar quraşdırılıb, məhəccər çəpəri çəkilib. Təmirdən sonra yataqdakı meydançalara gediş-gəliş xeyli asanlaşıb, quyuların təhlükəsiz istismarı, hasil olunan neftin, qazın nəqli, avadanlıqların enerji ilə təchizatı daha da yaxşılaşdırılıb.
"Neftqaztikinti” Trestinin müdiri Mirkazım Abbasov: "Bu gün SOCAR-ın hasilat göstəricilərində dəniz yataqlarının rolu danılmazdır. "Neft Daşları” dünyada dənizdə ilk neft platforması olmasına baxmayaraq, bu gün də hasilat tempini artırmaqda davam edir. Yatağa sanki ikinci həyat verilib. Bu istiqamətdə əzmkar neftçilərimizin əməyini xüsusi vurğulamaq lazımdır. Onların meydançalara gediş gəlişinin, iş şəraitinin daha da yaxşılaşdırılması üçün estakadaların təmiri hər zaman diqqətdə olan məsələlərdəndir”.
Bu il ərzində SOCAR-ın "Neftqaztikinti” Tresti tərəfindən "Azneft” İstehsalat Birliyi üzrə ümumilikdə 920 metr uzunluğunda estakada əsaslı təmirdən sonra istismara verilib. Təmir olunan estakadaların hamısı "Neft Daşları” yatağındadır.
Cari ilin ötən dövrü ərzində "Neft Daşları”nda 8 meydança zərurət yarandığı üçün estakadadan ayrılmış, 2 ədəd meydançalararası estakada kəsilərək ləğv edilmişdir. Eyni zamanda N.Nərimanov adına NQÇİ-də də 8 meydança birləşdiyi estakadalardan ayrılmışdır. Bununla da neftçilərin təhlükəsiz iş rejimi daha da gücləndirilib, hidrotexniki qurğuların istismar müddəti artırılıb. Qeyd edək ki, son 3 il ərzində ümumi uzunluğu 6459 metr estakada əsaslı təmir edilərək istismara təhvil verilib. Ümumiyyətlə, 2014-2016-cı illərdə 56 obyekt (estakada, özül, estakadayanı meydança və s.) üzrə təmir-bərpa işləri həyata keçirilib.