NEFTQAZTİKİNTİ
TRESTİ
21-09-2013 00:00 118 dəfə oxunub.
“Neftçilər Günü”nə həsr olunmuş mini-futbol turniri keçirilmişdir
“Neftçilər Günü”nə həsr olunmuş mini-futbol turniri keçirilmişdir

  19 sentyabr 2013-cü il tarixində "Neftqaztikinti” trestinin HİK tərəfindən "Neftçilər günü”nə həsr olunmuş mini-futbol turnirinin final oyunu keçirilmişdir. Təşkil olunmuş idman tədbirində "Neftqaztikinti” trestinin müdiri cənab Mirkazım Abasov, ARNQSİ Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyev, trestin Həmkarlar İttifaqı Komitəsinin sədri Elşad Cəbrayılov, trest aparatının məsul şəxsləri və struktur vahidlərinin rəhbərləri də iştirak etmişdir.
  İdmanın mini-futbol növünün kütləviləşdirilməsinə və işçilərin asudə vaxtlarının səmərəli təşkilinə xidmət edən yarışlarda trestin struktur vahidlərindən ibarət futbol komandaları birincilik uğrunda mübarizəyə qoşulmuşdur. 19.09.2013 tarixində isə trestin 7 və 8 saylı TQİ-lərin komandaları arasında baş tutmuş final oyununda 8 saylı TQİ-nin komandası turnirin qalibi olmuşdur.
  Qaliblərin təltifetmə mərasimində çıxış etmək üçün söz ilk olaraq "Neftqaztikinti” trestinin müdiri cənab Mirkazım Abasova verildi. "1994-cü il sentyabrın 20-i imzalanmış və müstəqil Azərbaycanın iqtisadi suverenliyini əks edən ilk beynəlxalq neft sazişi iqtisadiyyatımızın dinamik inkişafının əsasını qoydu və onun praktiki nəticələri göz qabağındadır. Həmin tarixdən başlayaraq görülən işlər bugünkü və gələcək nəsillərə xidmət edir.” - deyən M.Abasov bildirdi ki, Azərbaycanın neft və qaz sənayesinin inkişafında Azərbaycan xalqının dəyərli insanları-böyük alimləri, mühəndisləri, geoloqları, neftçiləri və başqa mütəxəssisləri zəngin neft və qaz sərvətlərinin vətən, xalq naminə istifadə edilməsi üçün böyük işlər görmüş, fədakarcasına çalışmış və xalqımızın tarixinə şanlı səhifələr yazmışlar. Azərbaycanın tarixində, iqtisadiyyatının inkişafında, xüsusilə müstəqilliyinin möhkəmləndirilməsində neft sənayesinin əhəmiyyətini nəzərə alaraq və neftçilərin əməyini yüksək qiymətləndirərək ümummilli liderimiz Heydər Əliyev 16 avqust 2001-ci il tarixdə hər ilin 20 sentyabr tarixini "Neftçilər günü” peşə bayramı kimi qeyd olunması ilə bağlı 558 saylı Fərman imzalamışdır. Həmin tarixdən bu günə kimi hər ilin sentyabrın 20-si ölkəmizdə "Neftçilər günü” kimi qeyd olunmağa başlamışdır. Natiq ölkə başçısı cənab İlham Əliyevin 16 yanvar 2012-ci il tarixli 1965 saylı Sərəncamı ilə 2012-ci ili "İdman ili” elan etməsini xatırladaraq tədbir iştirakçılarının diqqətə çatdırdı ki, ölkəmizdə idmanın inkişafı ildən-ilə geniş vüsət alır. Müstəqilliyimizi əldə etdiyimiz vaxtdan bu günə qədər Azərbaycan idmançılarının müxtəlif səviyyəli beynəlxalq yarışlarda beş mindən artıq medal qazanması və ölkəmizin beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi bunun əyani sübutudur.
  "Bakı Gəmiqayırma Zavodunun Tikintisi”, ARDNŞ-in Xəzər Dəniz Neft Donanmasının Dənizdə İnsan Həyatının Mühafizəsi üzrə Təlim Mərkəzinin İxtisaslaşdırılmış üstü örtülü hovuzun tikintisi, ARDNŞ-in Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Xəzər Dəniz Neft Donanmasının Dənizdə İnsan Həyatının Mühafizəsi üzrə Təlim Mərkəzində 2 mərtəbəli tədris korpusunun tikintisi, ARDNŞ-in Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Qobustan tədris mərkəzində qaynaq sexinin tikintisi və ""Neftqaztikinti” trestinin Qaradağ rayonu ərazisində Asfalt-beton istehsalı zavodunun tikintisi” layihələrinin peşə bayramı ərəfəsində istifadəyə verilməsinin planlaşdırıldığını da tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Çıxışının sonunda M.Abasov trestin 6 nəfər əməkdaşını "Neftçilər günü” peşə bayramı münasibəti ilə ARDNŞ prezidentinin 16 sentyabr 2013-cü il tarixli 32k nömrəli Əmri ilə Fəxri Fərmanla təltif olunmaları münasibəti ilə təbrik etdi, Fəxri Fərmanları onlara təqdim etdi və gələcək işlərində uğurlar arzuladı.
  Daha sonra çıxış etmək üçün söz ARNQSİ Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyevə və trestin Həmkarlar İttifaqı Komitəsinin sədri Elşad Cəbrayılova verilmişdir. Çıxışçılar öz növbələrində ölkədə aparılan idman islahatlarından, qazqanılmış nailiyyətlərdən söz açmış və qalibləri təbrik etdilər.
   Eyni zamanda bildirildi ki, ARDNŞ-in Neftçi İdman və Sağlamlıq Mərkəzi tərəfindən neft, qaz və kimya sənayesi işçiləri arasında keçirilmiş XXI spartakiadada trest şahmat üzrə birinci, futbol, dama, tenis, qaçış üzrə ikinci və darts idman növü üzrə isə üçüncü yerlərə layiq görülmüşdür. Mini-futbol turnirində 1-ci yeri tutmuş komandaya Fəxri Fərman və kubok, 2-ci yeri tutmuş komandaya isə Fəxri Fərman və qiymətli hədiyyələr təqdim olundu.
  Mərasiminin təşkili ilə bağlı bütün xərcləri "Neftqaztikinti” tresti HİK tərəfindən qarşılanmışdır.Tədbirə Respublikanın tanınmış mədəniyyət nümayəndələrinin təqdim etdikləri bədii musiqili hissə ilə yekun vurulmuşdur.